çərşənbə axşamı 14 aprel 2026 - 19:12
Ayətullah Ərafi  Papa XIV Leonun ədalət və humanizm mövqeyini yüksək qiymətləndirib

Hövzə | Zülm qarşısında susmağın geniş yayıldığı, bir çox dünya liderlərinin ya sükut etdiyi, ya da siyasi ehtiyatkarlıq nümayiş etdirdiyi bir dövrdə, günahsız insanların bombalanmasını qətiyyətlə pisləyən, mülki əhalinin qətliamını qeyri-legitim elan edən və ədalət ilə azadlığı müdafiə edən cəsarətli mövqeyiniz qaranlıq bir mühitdə ümid işığı kimi qiymətləndirilir. Hövzə elmi mərkəzləri bu mənəvi və humanist yanaşmanı yüksək dəyərləndirərək təqdir edir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafi katolik kilsəsinin lideri Papa XIV Leon ünvanına təşəkkür və təqdir mesajı ünvanlayıb.

Məktubda Qurani-Kərimin aşağıdakı ayəsinə istinad olunub:

وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ. 


“Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.
(Maidə surəsi, 82-ci ayə)

Məktubda deyilir:

Hörmətli Roma Papası XIV Leon həzrətləri!

Salam Aleykum 

Zülm qarşısında susmağın güc sahibləri və insan haqları iddiaçıları arasında adi hala çevrildiyi, bir çox dünya liderlərinin ya sükut etdiyi, ya da siyasi hesablamalar səbəbilə tərəddüdlü mövqe sərgilədiyi bir dövrdə, sizin günahsız insanların bombalanmasını qətiyyətlə pisləyən, müdafiəsiz insanların qətliamını qeyri-legitim elan edən və ədalət ilə azadlığı müdafiə edən açıq və cəsarətli mövqeyiniz qaranlıq mühitdə parlayan bir nur kimi dəyərləndirilir.

Biz dini təhsil ocaqları adından sizin bu mənəvi və humanist mövqeyinizi yüksək qiymətləndiririk.

Bu yerdə sizin ali diqqətinizə çatdırırıq:

Birincisi: Siz xristianlığın həqiqi missiyasına sadiq qaldınız. Çünki İsa Məsih (ə), müsəlmanların ulul-əzm peyğəmbərlərindən biri kimi qəbul etdiyi və sevgi bəslədiyi peyğəmbər, o cümlədən sülh, mərhəmət və məzlumların müdafiəsinin carçısı olmuşdur. Bu gün sizin ifadə etdikləriniz həmin ilahi missiyanın təcəssümüdür. Siz göstərdiniz ki, Vatikan kürsüsü ədalətin səsi ola bilər, zülm qarşısında sükut məkanı deyil. Elmi və dini mərkəzlər, eləcə də dünyanın bütün dini inanclı və məzlum insanları sizdən bu mövqenin davam etdirilməsini və məzlumların müdafiəsini gözləyir.

İkincisi: Siz sübut etdiniz ki, dini vicdan hələ də yaşayır.

Bir çoxlarının dini insan həyatının mənəvi müstəvisindən uzaqlaşdırmağa çalışdığı bir dövrdə, sizin günahsız insanların həyatını müdafiə edən mövqeyiniz göstərir ki, dini yaşam tərzi hələ də dünyada ən güclü əxlaq dəyərlərindən biri ola bilər. Zalımları ilahi əzabla xəbərdar etməyiniz peyğəmbərlərin ortaq ənənəsini xatırladır ki, onlar heç vaxt zülm qarşısında susmayıblar.

Üçüncü: Biz dinlərarası dialoq çərçivəsində insanlığın və ilahi dəyərlərin müdafiəsi naminə sizinlə birgə fəaliyyətə hazır olduğumuzu bildirir və bu istiqamətdə əməkdaşlıq əlini uzadırıq.

Qurani-Kərim bizi dinlər arasında ortaq kəlməyə dəvət edir: 

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ.... 

De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin!  (Ali İmran surəsi, 64-cü ayə)

Bu gün həmin ortaq kəlmə insan canının toxunulmazlığını müdafiə etmək, cinayət və zülmə qarşı birlikdə dayanmaqdır.

Biz dini təhsil ocaqları adından bildiririk ki, dünya məzlumlarının müdafiəsi naminə bu mənəvi həmrəyliyin daha geniş bir qlobal hərəkat halına gətirilməsi üçün Vatikan ilə daha dərin əməkdaşlığa hazırıq. Eyni zamanda Qum Elmi hövzəsi ilə Vatikan arasında əvvəlki dialoqlar xatırlanır və bu prosesin davam etdirilməsinə tam hazırlıq ifadə olunur.

Biz inanırıq ki, ilahi peyğəmbərlər, o cümlədən İbrahim, Musa, İsa və Məhəmməd (s) eyni ilahi nurdan yaranmış və onların missiyası insan ləyaqətini qorumaq, zülmlə mübarizə aparmaq və bəşəriyyəti hidayət etmək olmuşdur. Bu gün sizin və bizim göstərdiyimiz fəaliyyət məhz həmin ortaq ilahi əmanətin davamıdır və tarixdə qalıcı şəkildə qeyd olunacaqdır.

Biz uca Allahdan yəhudi, xristian və müsəlmanların hamısının Ona ibadət etdiyi Rəbbdən diləyirik ki, bu mənəvi cəsarəti dini təhsil ocaqlarında sabit və davamlı etsin, o cümlədən beynəlxalq qurumlarda və dünya ölkələrində gücləndirsin. Elə bir gün gəlsin ki, ədalətin səsi silahların və zülmün səs-küyünə qalib gəlsin.

Hörmətlə,
İran İslam Respublikası, Elmi hövzələrin rektoru Əli Rza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha